Azerbaijani | English | Deutch | French | Italiano
home
AzərbaycanÜmummilli liderSəfirlikAzərbaycan-İsveçrəAzərbaycan-LixtenşteynErməni təcavüzüXəbərlər/TədbirlərKonsul xidmətiŞəkillər

Xəbər bülleteni

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü ilə bağlı məlumat yaymışdır
26 oktyabr 2011

 

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il yanvarın 1-dən başlayacaq və 2013-cü il dekabrın 31-dək davam edəcəkdir. Bu iki il ərzində Azərbaycan növbə ilə Təhlükəsizlik Şurasının bir ay müddətinə sədri funksiyalarını yerinə yetirəcəkdir.

Hazırda Azərbaycanın xarici siyasət idarəsi tərəfindən BMT Təhlükəsizlik Şurasında ikiillik fəaliyyət üçün hazırlıq işləri aparılır və qurumun gündəliyinə uyğun olaraq müəyyən tədbirlər planlaşdırılır.

Bundan əlavə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olaraq qarşıdan gələn iki il müddətində öz təcrübəsinə uyğun sahələrdə, xüsusilə də sivilizasiyalararası dialoq, iqtisadi cəhətdən az inkişaf etmiş dövlətlərə yardım və digər humanitar məsələlərə dair yeni layihələr irəli sürməyə hazırlaşır.

Azərbaycan cari il oktyabrın 24-də keçirilən 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə BMT-nin üzvü olan 155 dövlətin dəstəyi ilə inamlı qələbə qazanmışdır. Bu, Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Bu qələbənin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümündə əldə edilməsi təsadüfi deyildir. Belə ki, Azərbaycan ötən 20 il ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki uğurları ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir.

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. Eyni zamanda, bu da zəruri bir haldır ki, Azərbaycan bu tarixi qələbəni BMT-nin təsis edildiyi gün olan oktyabrın 24-də əldə etmişdir.

Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumudur. Bu qurum 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. BMT Təhlükəsizlik Şurası dünya miqyasında baş verən ən önəmli və aktual məsələlərin əsas müzakirə olunduğu və qərarların qəbul edildiyi məkandır.

printerçap versiyası

Erməni təcavüzü
Erməni təcavüzü
Azərbaycanın xaricdəki səfirlikləri