Azərbaycan-Lixtenşteyn ikitərəfli münasibətləri
Azərbaycan Respublikası ilə Lixtenşteyn Knyazlığı arasında diplomatik əlaqələr 1992-ci ilin 21 yanvar tarixində qurulub, Respublikamızın Fövqəladə və Səlahiyyətli Səfiri Lixtenşteyndə ilk dəfə 2006-cı ilin 28 sentyabr tarixində akkreditə olunub.
Azərbaycanla Lixtenşteynin əməkdaşlığı əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir, ticarət dövriyyəsi isə çox cüzi olduğundan qeydiyyata alınmır. Eyni zamanda, iki ölkənin rəsmiləri arasında keçirilmiş görüşlər və səfərlərə dair aşağıdakı məlumatı nəzərinizə çatdırırıq.
2007-ci ilin 1-4 noyabr tarixlərində Lixtenşteynin Ətraf Mühit, Kənd və Meşə Təsərrüfatı Naziri cənab Huqo Kvaderer (Hugo Quaderer) Azərbaycana səfər etmişdir. Səfər Şimali və Cənubi Qafqazda həyata keçirilən “Qafqazın Dağlıq Rayonlarının Davamlı İnkişafı - Yerli Gündəlik 21” (Sustainable Development of Mountain Regions of the Caucasus - Local Agenda 21) adlı layihə çərçivəsində baş tutmuş və onun əsas məqsədi regionda siyasi, iqtisadi, ekoloji və sosial vəziyyətlə tanışlıq, mövcud təhlükə və potensial, eləcə də inkişaf tendensiyaları haqqında məlumat əldə etmək olmuşdur. Azərbaycana səfər çərçivəsində Nazirin rəhbərlik etdiyi nümayəndə heyəti layihənin həyata keçirildiyi Şamaxının Sis və İsmayıllının Yeni Yol kəndlərində olmuşdur.
2003-cü ildən başlayaraq, Qafqaz Regional Ekoloji Mərkəzi Rusiyanın Regional Ekoloji Mərkəzi ilə birgə və Almaniyanın və Lixtenşteynin Ətraf Mühit Nazirlərinin dəstəyi ilə yerli idarəetmə orqanlarının dəstəklənməsinə yönəldilmiş “Qafqazın Dağlıq Rayonlarının Davamlı İnkişafı - Yerli Gündəlik 21” adlı layihə həyata keçirilir. Bu layihə, yerli əhali və digər maraqlı tərəflərin yardımı ilə Qafqazın dağlıq kəndlərinin davamlı inkişafı üçün strategiya və planları özündə əks etdirən yerli tədbirlərin işlənib-hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyada ümumilikdə 8 kənddə pilot layihəsi (hər ölkədə 2 layihə) yerli orqanlar tərəfindən artıq qəbul edilmişdir və sənəddə sadalanan qısa-müddətli məqsədlərə nail olmağa yönəldilmiş həmin tədbirlər hal-hazırda reallaşdırılır. Layihələr Almaniyanın Qafqaz ölkələrindəki Səfirlikləri, Lixtenşteyn Hökuməti, ölkənin İdarəetmə və Özəl Bankı, habelə Lixtenşteynin Medicor Fondu tərəfindən maliyyələşdirilir.
2010-cu ilin 12 may tarixində Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığındakı Fövqəladə və Səlahiyyətli Səfiri M.Nəcəfbəyli Lixtenşteyn Knyazlığının xarici siyasət idarəsinin rəhbəri Aureliya Frik ilə görüş keçirmişdir.
Sözügedən görüşdə ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq perspektivləri, tərəfdaşlığın inkişaf etdirilməsi yolları, Avropa İttifaqı ilə əlaqələr və regionda baş verən siyasi proseslər barədə müzakirələr və fikir mübadiləsi aparılmışdır. İkitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilmiş, bu cür səfərlərin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinə öz müsbət töhfəsini verəcəyi bildirilmiş və qarşılıqlı şəkildə Xarici İşlər Nazirlərinin səfərlərinin təşkil olunmasının əhəmiyyəti vurğulanmışdır.
Ölkəmizin ən ağır problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həmsöhbətə məlumat verilmiş, Ermənistanın danışıqlar prosesində nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe səbəbindən Azərbaycan ərazisinin 20%-nin hələ də Ermənistanın işğalı altında qaldığı xüsusilə vurğulanmış və Azərbaycanda mövcud olan 1 milyon qaçqın və məcburi köçkünlərin problemləri diqqətə çatdırılmışdır. Yenilənmiş Madrid Prinsipləri çərçivəsində həmsədrlər tərəfindən təqdim edilmiş təkliflərin Azərbaycanın prinsipcə qəbul etdiyi qeyd edilmiş, Ermənistan tərəfinin isə bu məsələyə dair mövqeyini hələ də bildirmədiyi diqqətə çatdırılmışdır.
4 oktyabr 2010-cu il tarixində ilk dəfə AR dövlət rəsmisi Xarici İşlər Nazirinin müavini X.Xələfov Lixtenşteyn Knyazlığında səfərdə olmuş və Xarici İşlər Naziri A.Frik ilə görüş keçirmişdir.




















