Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri - Naxçıvan bölgəsi, Şəki şəhəri - Şəki bölgəsi, Gəncə şəhəri - Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a.
"Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır.3 Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.4 Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına məxsusdur.
Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş "Dağlıq Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin - Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün "Qarabağ tarixi" (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".5

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur. Başqa sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran), həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın - Azərbaycan xalqının Vətəni olmuşdur, dilində "qara" və "bağ" sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır.
Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünyanın da ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azıx mağarasının tədqiqatçısı Azərbaycan alimi M.Hüseynov yazırdı: "Azıxda öyrənilmiş çay daşı alətləri mədəniyyətləri, Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Eyni zamanda, alətlərin hazırlanmasında fərqli cəhətlər də vardır ki, bu da, Azıxın alt təbəqələrindən aşkar olunmuş əmək alətlərini Quruçay mədəniyyəti adlandırmaq imkanı vermişdir… Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aid edilə bilər".6
1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı - azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı guman olunur. Qarabağda mustye mədəniyyəti daha çox Tağlar mağarası ilə təmsil olunmuşdur.7 Qarabağın arxeoloji cəhətdən öyrənilməsinin davam etdirilməsi burada daş dövrünün mezolit və eneolit dövrlərinin də geniş inkşaf etmiş olduğunu müəyyənləşdirə bilər. Eneolit (e.ə.VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu - I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi.8 Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur (Assuriya) hökmdarı Adadnirariyə aid mixi yazı olan əqiq muncuq tapılmışdır. Bu və digər tapıntılar bölgənin Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.9
Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı etno-siyasi proseslər də davam edir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlir. Manna Assuriya və Urartu ilə mübarizədə müstəqilliyini qorumağa nail olur. Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işğallarından kənarda qalır. Bu dövrdə, ümümiyyətlə Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi. Çox sanballı tədqiqatçılar, kollektiv monoqrafiyaların müəllifləri Zaqafqaziyanın siyasi tarixindən bəhs edərkən vahid fikir söyləyirlər: Urartunun əsas ərazisi SSRİ-nin sərhədlərindən kanarda yerləşirdi. Qədim dövrdə və orta əsrlərdə ermənilərin kompakt yaşadığı ərazi də indiki Ermənistan SSR-in hüdudlarından uzaqda idi.10 Urartu dövlətinin varlığına son qoyan Midiya dövləti (e.ə. 672-550) zamanı vəziyyət dəyişdi. Midiya Cənub-şərqi Zaqafqaziyanı özünə tabe etdi. Bu vəziyyət Əhəmənilər dövründə də (e.ə. 550-330) davam etmişdi.
Makedoniyalı İsgəndər (e.ə.336-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Bunun nəticəsi idi ki, Makedoniyalı İsgəndərin qısamüddətli hakimiyyətindən sonra, onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. (Son dövrlərdə Azərbaycan tarixçiləri Atropatenaşünaslıq və Albanşünaslığı yeni elmi əsərlərlə zənginləşdirmiş, uzun zaman erməni müəllifləri tərəfindən qəsdən saxtalaşdırılmış olan bu dövrün elmi əsaslarla araşdırılmasına böyük töhvələr vermişlər. Onları burada xüsusi olaraq sadalamağa ehtiyac görmədik). E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV- e. VIII əsrlərində mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyuk rol oynadı. Bütün Qarabağ ərazisi Albaniya dövlətinin tərkibinə daxil idi və bu dövlət Qarabağı öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apardı və bəzi istisnalarla buna nail ola bildi. F.Məmmədovanın Albaniya dövlətinin, o cümlədən onun tərkib hissəsi olan əyalətlərin (Sakasena, Otena - Uti, Orxistena - Arsax, Araksena və s.) ərazisi və sərhədlərini tarixi dinamikada əks etdirdiyi 6 xəritəsi də bu fikri təkzibolunmaz surətdə təsdiq edir.
Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar - uti, sovdey, qarqar və başqaları da alban tayfaları idilər.
Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Bu dövrdə ermənilər Kiçik Asiyanın şərqindəki erməni çarlığını qondarma "Böyük Ermənistan" adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları elan etməyə cəhd edirlər. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma "Böyük Ermənistan" əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Tədqiqatçının yazdığına görə "mənbələrin tədqiqi və I-IV əsrlərdəki gerçəkliklərin öyrənilməsi bizi əmin edir ki, Albaniyanın cənub sərhədi Araz çayı boyunca keçmişdir".11
Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanları da sübut edir. Dədə Qorqud dastanları VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən Göyçə gölü hövzəsində yayılmışdır. Bu qiymətli xalq-qəhrəmanlıq eposunun təsdiq etdiyi kimi, bəzi oğuz qəhrəmanları hətta Məhəmməd peyğəmbərin (s.) hüzuruna gedərək onun özü ilə də görüşmüşdülər. Ağqoyunlu hökmdarı Uzun Həsənin (1453-1478) göstərişi ilə yazılmış məşhur Oğuznamədə (Əbu Bəkr Tehraninin 1470-ci ildə yazdığı "Kitabi-Diyarbəkriyyə"sində) Göyçə dənizi yaylaqlarının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu, oğuz türklərinin soykökündə duran Oğuz Xaqanın Göyçə dənizi ətrafında dəfn olunduğu, Bayandur Xaqanın isə Qarabağda, Göyçə dənizi yaylaqlarında yaşadığı və orada da dəfn olunduğu göstərilir.12
Qarabağ Ərəb xilafəti dövründə. Arsaxda qriqorianlaşdırma
və erməniləşdirməyə dair
Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı. Azərbaycanın bu bölgəsində qriqoiyanlaşdırma və erməniləşdirmə proseslərinin səbəbləri, gedişi və erməni-xilafət əməkdaşlığının mahiyyəti və b. problemlər, onun tarixi ədəbiyyatda necə əks olunması məsələləri akad. Z.Bünyadov tərəfindən xüsusi olaraq tədqiq edilmişdir.13 Təbiidir ki, qriqorianlaşdırmaya nisbətən erməniləşdirmə uzun proses olmalı idi və həqiqətən də bu belə oldu. Ona görə də Z.Bünyadov akad. S.T.Yeremyanın "VII əsrdən (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı" və bu zaman Arran vilayətindən Sünik, Arsax, Uti və başqalarının erməniləşdirilməsini iddia edən fikrinə etiraz edərək yazır: "İki müxtəlif anlayış olan erməniləşdirmə və qriqorianlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqorianlaşdırılmasından danışıla bilər. S.T.Yeremyanın bu barədəki nöqteyi-nəzəri o qədər də doğru deyildir, çünki Arran vilayətində Sünik vilayəti və Arsaxın xeyli hissəsi XII əsrin əvvəllərinə yaxın erməniləşdirilmişdir".14
Bu fikir (həm də akad. S.T.Yeremyanın gəldiyi nəticə!) bir daha təsdiq edir ki, Qarabağın bu hissəsində yaşayan əhali əvvəldən erməni olmamış, əksinə yerli Azərbaycan-alban tayfaları olmuşlar və sonradan erməniləşdirilmişlər, daha doğrusu əvvəlcə qriqorianlaşdırılmış, sonra isə erməniləşdirilmişlər.
Populyasiyanın etnogenezi və onun qarşılıqlı əlaqəsi haqqında informasiya verən və müasir elmi nailiyyətlərə əsaslanan odontoloji tədqiqatlar da bunu sübut edir.15 Heç də təsadüfi deyil ki, Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. "XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu. XII əsrin sonu-XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı İ.A.Orbelinin sözləri ilə desək "qədim Albaniyanın bir hissəsi" idi".16 Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Bu da, Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin ümumiyyətlə dövlətçilik tarixinə malik olmadıqlarını sübut edir.
Bu proseslərin baş verdiyi IX-XIII əsrin əvvəlləri, xüsusilə Sacilər-Atabəylər-Şirvanşahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da artdığı bir dövr idi. Sacilər və Atabəylər faktik olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər.17 Keçmiş Albaniya ərazisində yaranmış Xaçın knyazlığı Mehranilər nəslinə mənsub olan Həsən Cəlalın dövründə (1215-1261) yüksək inkişaf mərhələsinə çatmışdı. Təsadüfi deyil ki, dövrün narrativ və epiqrafik abidələrində o, "Xaçın ölkələri knyazı", "Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı" titulları ilə yanaşı, "Albaniya hökmdarı" titulu ilə də anılır. Başqa sözlə, Həsən Cəlalın bütün titulları Azərbaycan - Albaniya tarixinə məxsusdur. Onun zamanında Alban memarlığının ən mühüm incilərindən biri olan Qanzasar monastırı tikildi.18
Qarabağ Azərbaycan siyasi həyatının mərkəzlərindən biri kimi
(XIII-XVIII əsrin 40-cı illəri)
Monqolların birinci yürüşü zamanı (1220-1222) zəifləmiş Atabəylər dövlətinə son qoyan Xarəzmşah Cəlaləddinin Azərbaycanda hökmranlığı zamanı (1225-1231) Qarabağ da onun hakimiyyəti altında idi.
Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşı öyrənilmişdir.19 Həmin dövrdə "Qara" və "bağ" söz birləşməsi - "Qarabağ", artıq, konkret coğrafi əraziyə şamil edilir. V.Piriyev yazır: "Arran Qarabağı" adı ilk dəfə Rəşid əd-Dinin "Came ət-təvarix" əsərində 1284-cü il hadisələrinin şərhi ilə əlaqədar xatırlanır". Bu dövrdə Qarabağ Arranın daxilində dağlıq və dağətəyi torpaqları birləşdirən vahid ərazidən ibarət idi.20 XIII-XIV əsrlərdə Qarabağ Hülakular dövlətinin siyasi tarixində mühüm rol oynayır. V.Piriyev qeyd edir ki, "Monqol hökmdarlarının daima Qarabağda qışlamaları bir sıra dövlət səviyyəli hadisələrin burada baş verməsinə səbəb olmuşdur. Təkcə onu göstərmək kifayətdir ki, monqol hökmdarlarından ikisi (Qazan xan və Arpa xan) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan və Əbu Səid) Qarabağda vəfat etmişdir".21 XIII-XIV əsrlərdə də Qarabağ Azərbaycan torpağı idi və onun əhalisi də, əsasən, Azərbaycan türklərindən ibarət idi.
XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir hadisə baş verdi. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan "məlik" titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü beş alban feodal knyazlıqları - məliklliklərinə (Gülüstan, Cəraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı…22
Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Osmanlıların bu torpaqlarda tərtib etdikləri icmal və müfəssəl dəftərlər həmin bəylərbəyliyin inzibati-ərazi bölgüsü haqqında aydın təsəvvür yaradır. 1593-cü il məlumatına görə Gəncə-Qarabağ əyaləti 7 sancaq, 36 nahiyəyə bölünürdü.23 Burada qeydə alınan 1,3 mindən çox toponimik vahidlərin hamısı, demək olar ki, azərbaycanlılara məxsus idi.24 Bunlardan heç biri ermənilərə məxsus olmamışdır.
Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi.
Bu dövrdə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur. Həmin dövrdə tərtib olunan Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamalara görə 1727-ci ildə Gəncə-Qarabağ əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini (66%) azərbaycanlılar, 37,8 min nəfərini (31%) ermənilər (daha doğrusu qriqorianlaşmış və erməniləşmiş albanlar), 3,7 min nəfərini (3,1%) kürdlər təşkil etmişdir.25 Bəhs olunan dövrdə Rusiyanın fəal köməklik göstərdiyi qriqorianlaşmış albanlar siyasi cəhətdən fəallaşır.26 Digər tərəfdən, sonuncu Səfəvi hökmdarı III Abbası yıxaraq hakimiyyətə gələn Nadir şah Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yerli dövlətlər - xanlıqlar yarandı. Başqa sözlə Azərbaycan, xanlıqların timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı - Gəncə və Qarabağ xanlıqları yarandı. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlıca olaraq Qarabağ xanlığı ilə bağlı olduğundan onun üzərində ayrıca dayanaq.
Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Qarabağ xanlığının vəziri olmuş tarixçi Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı". Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu tutmaq mümkün olmadı. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi.28
Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti - Qarabağ xanlığı yarandı.
Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri - doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.

Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənah xanın hərbi-siyasi işlərlə yanaşı dəyərli quruculuq uğuru sayılmalıdır.
Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan - türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu. "Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər".29
Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə Camal yazır: "Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır) Adil şahın Pənah xana "xan" adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında fərmanı, qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı".30
Adil şahın fərmanı, əslində gecikmiş bir sənəd idi. Həqiqi "hakimlik" şah fərmanından əvvəl, ondan asılı olmadan qazanılmışdı.31
Pənah xanın "Qarabağ hakimi" kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: "Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq" (və ya "Pənahəli özünü xan elan etmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim"). Hacı Çələbi xanın xalq içərisində zərb-məsələ çevrilmiş bu sözləri, əslində, Adil şahın fərmanından daha artıq gücə malik idi. Əhməd bəy Cavanşir yazır: "…Bu qalibiyyətdən (Bayat döyüşündən) sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi".32
Bayat döyüşü eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olunurdu. Mirzə Adıgözəl bəy yazırdı: "Pənah xan Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı) və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il) bitirərək oranı özünə məskən etdi".33
Kürəkçay müqaviləsi
Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların - məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.
Mir Mehdi Xəzani çox haqlı olaraq yazırdı: "Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar…".34 Mirzə Adıgözəl bəy Qarabağdakı feodal mülkləri - məlikliklər haqqında yazırdı: "Bu mahallardan biri Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır.
İkincisi - Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlar daha qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşlar.
Üçüncü - Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib, (hökmran olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı (indiki adı - Xındırıstan) Məlik Mirzə xan… bu əbədi dövlət məmurlarının əmrilə məliklik sikkəsini… adına kəsdirdi. Ondan sonra da oğlu Allahverdi və nəvəvsi Məlik Qəhrəman… məliklik bayrağını göylərə qaldırdılar.
Dördüncü - Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik omuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır) özlərinə məskən, sığnaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar… Nadir şah… ona sultanlıq rütbəsi və xələti verdi…
Beşinci - Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdur".35
Qarabağ məliklikləri
| Məlikliyin adı | Qarabağa gəlmələri | |
|---|---|---|
| Nə vaxt | Haradan | |
| Vərəndə | 1603 | Göyçə mahalından |
| Çiləbürd | 1637 | Zəngəzurdan (Sünikdən) |
| Xazın | XVIII əsrdə yaranmışdır | Yerli |
| Dizaq | XVIII əsrin əvvəlləri | Lori vilayətindən |
| Gülüstan (Talış) | XVIII əsrin əvvəlləri |
Şirvandan (Qəbələ sultanlığının Nic kəndindən) |
Beləliklə, Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına "haqq" qazandırmaq üçün həmin məliklərə "erməni dövlətçiliyinin" davamı kimi baxmaları kökündən yanlışdır, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bundan başqa, yuxarıdakı cədvəldən göründüyü kimi Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövrdə onların Qarabağda kökü yoxdur. "Məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər".36 Məliklərin separatçı-mərkəzdənqaçma fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadelli qüvvələrin Qarabağa hücumunun həyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məlikliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə yönəlmiş qəsdlərə qarşı mübarizə idi.
Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.
Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü. Əhməd bəy Cavanşir yazır: "Qonşu vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yegan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən sonra onların bir hissəsi qırılmış, bir hissəsi isə islam dinini qəbul etmişdi… Çiləbörd məliyi Allahqulu Sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü. Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliyi Məlik Usubla ittifaq bağlayıb uzun müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından müdafiə etmiş, lakin Mardakerd kəndində məğlub olduqdan sonra Tərtər çayının yuxarılarında yerləşən alınmaz Cermux qalasına çəkilmişdi. Bir ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailəsi ilə birlikdə qürbət ellərdə nicat axtarmalı olmuşdu. Lakin bununla öz siyasi fəaliyyətlərini bitirmədi. Belə ki, sonralar onun həm özü və həm də övladları (birincinin oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər…".37 Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.
Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.
Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.
İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada - Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə "xristian dövləti", daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.
Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub cəzalandırıldı.
Lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744-1798) və rus polkovniki Burnaşovun köməyilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı "xaç yürüşü"nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar. Lakin 1787-1791-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması nəticəsində bu "xaç yürüşü" baş tutmadı. İbrahim xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.

1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd Qacar (1742-1797) Qarabağ xanlığına hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. V.Zubovun komandanlıq etdiyi rus qoşunlarının hücumu ilə38 Ağa Məhəmməd Qacar geri çəkildi. Rus çariçası II Yekaterinanın (1764-1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü.
XVIII yüzilin sonları - XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.
İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı.39 Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.
1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildi. Xan hakimiyyətinin hələ 17 il də saxlanması müəyyən strateji məqsəd daşıyırdı. 1806-cı ildə İbrahim xanın qətli Rusiyanın heç bir hüquqa məhəl qoymadığını nümayiş etdirirdi.40 Belə bir şəraitdə İbrahim xanın xanlığa keçən oğlu Mehdiqulu xanın hakimiyyəti (1806-1822) möhkəm deyildi. Çar hökuməti işğal rejimini gücləndirir, xanlığın ərazisində möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə, əksinə özünə arxa sandığı qriqorianlaşmış və erməniləşmiş albanları - üstün mövqeyə çıxarmağa çalışırdı. Xanlıq ləğv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi, burada da komendant idarə üsulu yaradılmış, o, Hərbi-müsəlman dairəsinin (mərkəz Şuşa) tərkibinə daxil edilmişdi. Bu dövrdə Rusiya qoşunlarının işğalçılıq əməliyyatlarında iştirak edən və əslən erməni olan general-leytenant V.Q.Mədətov (1782-1829) Qarabağda sözün əsl mənasında erməni-Rusiya müstəmləkə rejimi yaratmışdı. Çar hökuməti 1830-cu il üsyanlarının təsiri nəticəsində Cənubi Qafqazda 1840-cı il 10 aprel inzibati-hərbi islahatı keçirdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) tabe edilmişdi. Bununla da Qarabağ anlayışı siyasi mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.
1846-cı il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-u ildən Bakı) tabe edildi. 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur. Bununla Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı.41
Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən (Sənəd 3) sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsilə təsdiq olunurdu. Həmin maddəyə görə şah öhdəsinə götürürdü ki, ölkədə yaşayan məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və satmaq üçün bir il vaxt verilir. Daşınmaz əmlaka gəldikdə isə, onun satılması və ya onun haqqında öz xoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.42Yuxarıda göstərildiyi kimi, bu maddə İrandan ermənilərin kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa göçürülməsini təmin etmək üçün müqaviləyə daxil edilmişdi.
1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbayan ərazilərinə köçürülməsi həyata keçirilməyə başlayır.43 Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi.
Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolovun (1816-1827) göstərişi ilə tərtib olunan44 "Təsvir"də əksini tapmışdır. Hələ bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağda aparılmış erməniləşdirmə siyasətinə baxmayaraq, statistikanı (1593-cü ildən başlayaraq) müqayisə etsək, burada əhalinin əksəriyyətini yenə də azərbayanlılar təşkil edirdi. "Təsvir"ə görə Qarabağ əyalətində olan 20.095 ailədən 15.729-u azərbayanlı (1.111-i şəhərdə, 14.618-i kənddə), 4366-sı erməni, o cümlədən alban idi (421-i şəhərdə, 3.945-i kənddə).45 Yeri gəlmişkən, bu ermənilərin böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş keçmiş albanlar idilər. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və s.) meydana gəlməyə başlamışdı.46 (Ermənilər sonralar köçürülmə "şərəfinə" Qarabağda abidələr ucaltmış, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman onları dağıtmışdılar). Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü.47 Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
Dağlıq Qarabağın Azərbaycan-alban əhalisinin qriqorianlaşması və erməniləşməsinin başa çatması
Dağlıq Qarabağın alban əhalisinin qriqorianlaşması və erməniləşməsi yuxarıda qeyd olunduğu kimi, uzun sürən bir tarixi proses olmuşdur:
1. Qarabağın aborigen (yerli) əhalisi digər Şimali Azərbaycan torpaqlarının (Albaniyanın) əhalisi kimi alban tayfaları olmuşdur;
2. IV əsrin əvvəllərində Albaniyanın bəzi yerlərində, o cümlədən burada da xristianlıq dini yayılmışdı;
3. Ərəb xilafətinin Şimali Azərbaycanın işğalı və hökmranlığı dövründə VII-IX əsrlərdə ölkədə İslam dini yayılmış, lakin Qarabağın dağlıq hissəsində yaşayan albanlar xristianlıqda qalmışlar;
4. Cənubi Qafqaza miqrasiya edən erməni-qriqorian missionerləri Ərəb xilafətinin işğalları nəticəsində əlverişli şəraitdən istifadə edərək Qarabağın dağlıq hissəsinin xristian-alban əhalisini qriqorianlaşdırması, bunun ardınca da erməniləşdirməsı uzun proses oldu.
5. Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində özlərini erməni hesab etmirdilər;
6. Rusiyanın regiona müdaxiləsi ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülüb gətirilməsi burada erməni amilinin gücləndirilməsinə kömək etdi. Bu siyasət Qarabağın dağlıq hissəsini qriqorianlaşdırılmış albanlarının tarixi taleyində dönüş yaratdı. Onların erməniləşdirilməsi son mərhələyə qədəm qoydu;
7. Rus-İran müharibələri dövründə (1804-1813, 1826-1828), xüsusilə 1828-ci il Türkmənçay və Rus-Türk müharibələri (1806-1812, 1828-1829) zamanı, xüsusilə 1829-cu il Ədirnə müqaviləsindən sonra İran və Osmanlı dövlətlərindən Şimali Azərbaycanın digər bölgələri ilə birgə Qarabağa ermənilərin kütləvi köçürülməsi qriqorianlaşmış alban əhalisinin erməniləşməsini başa çatdırmışdı. 1836-cı ildə Alban katalikosluğu ləğv edilmişdir. Məhz bundan sonra onları sözün əsl mənasında erməni adlandırmaq olar;
8. Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ erməniləri tarix boyu ümumi erməni əhalisi içərisində alban kökündən əmələ gələn spesifikasını saxlamışdır.




















